Özbəkistanda prezidentlik müddəti dəyişdirilir - Mirziyoyevə "yaşıl işıq"

 12:21 15.03.2023     489

Özbəkistan Konstitusiyasına dəyişiklik edilməsi haqqında qanun layihəsində prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutan düzəliş var.

Redaktor.az "İnterfax"a istinadən xəbər verir ki, yeni konstitusiya qəbul edildikdə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyev yenidən prezidentliyə namizəd olmaq hüququ qazanacaq.

Özbəkistan parlamentinin hər iki palatası tərəfindən qəbul edilən konstitusiya qanunu layihəsi martın 15-də ictimaiyyətə açıqlanıb. Əsas Qanunun yeni redaksiyasına daha 27 maddənin daxil edilməsi, beləliklə, onların ümumi sayının 128-dən 155-ə çatdırılması, əlavə və dəyişikliklərlə birlikdə Konstitusiyanın 65 faiz yenilənməsi təklif edilir.

Yeni Əsas Qaydanın 106-cı maddəsində deyilir ki, “bir şəxs ardıcıl iki müddətdən artıq Özbəkistan Respublikasının prezidenti ola bilməz”. Ölkə prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilə uzadılması təklif edilir.

“Bu şəxslərin Özbəkistan Respublikasının digər vətəndaşları ilə bərabər əsasda Özbəkistan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq göstərilən vəzifələrə, o cümlədən bu Konstitusiya Qanunu ilə əlavə edilmiş dəyişikliklərlə həmin şəxslərin bu Konstitusiya Qanunu qüvvəyə mindiyi anda bu vəzifələri tutduqları və (və ya) tutduqları ardıcıl müddətlərin sayından asılı olmayaraq seçilmək (təyin olunmaq) hüququ vardır”, - konstitusiyanın yeni redaksiyasının layihəsinin mətnində deyilir.

Qeyd edək ki, Mirziyoyev ilk dəfə 2016-cı ilin dekabrında, ölkənin birinci prezidenti İslam Kərimovun vəfatından sonra keçirilən növbədənkənar seçkidə Özbəkistanın prezidenti seçilib.

2021-ci ilin oktyabrında Mirziyoyev növbəti seçkilərdə 80,12 faiz səs toplayıb. 2021-ci ilin dekabrında o, Özbəkistan Konstitusiyasının dəyişdirilməsini təklif edib. Bildirilib ki, dəyişikliklə bağlı təkliflər ölkə vətəndaşlarından daxil olub.

Yeni Konstitusiyanın ilkin variantında Qaraqalpaqstanın müstəqillik statusunun olmaması 2022-ci il iyulun əvvəlində baş verən iğtişaşlara səbəb olub. Daha sonra rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 21 nəfər ölüb, 274 nəfər yaralanıb, 516 nəfər, o cümlədən xarici vətəndaşlar saxlanılıb. Bundan sonra konstitusiya qanun layihəsi dəyişdirilib və Qaraqalpaqstanın statusunun qorunub saxlanmasına qərar verilib.

Oktyabrın əvvəlində Mirziyoyev edilən bütün dəyişiklikləri razılaşdırmaq üçün düzəlişlərin qəbulunda tələsməməyi təklif edib. “Referendum haqqında” qanuna uyğun olaraq, səsvermə parlament palatalarının referendumla bağlı qərarlarının dərc edildiyi gündən bir ay yarımdan üç aya qədər olan müddətdə istənilən günə təyin edilə bilər.

Parlament aprelin 30-na Konstitusiya üzrə referendum təyin edib. Martın 13-də ölkənin Konstitusiya Məhkəməsi belə bir qərarı qanuni hesab edib. Konstitusiya qanunu referendumun nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi elan edildiyi gündən qüvvəyə minir.

Arzu İSMAYIL