"Lazım gələrsə, hətta İblislə də əməkdaşlığa hazıram" - Ermənistanın müdafiə naziri

 14:55 15.03.2023     355

"Lazım gələrsə, hətta İblislə də əməkdaşlığa hazıram. Kaş ki, ordumuza az da olsa fayda gətirsin".

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi parlament komissiyasının iclasında Ermənistan Respublikası hökumətinin proqramının icrasının gedişi və nəticələrinə dair hesabatı təqdim edərkən bildirib. 

“Biz ordumuzun liderləriyik. Biz onun bir hissəsiyik. Gedin və onun problemlərinə necə ağrılı reaksiya verdiyimizi soruşun. Bu problemlərin həlli üçün mən hər kəslə əməkdaşlığa hazıram”, - nazir deyib.

Qeyd edək ki, Suren Papikyan istefaya getməyəcəyini də bildirib.

"Sputnik Ermənistan"a istinadla xəbər veririk ki, o, bu barədə jurnalistlərə baş nazir Nikol Paşinyanla fikir ayrılığı ilə bağlı vaxtaşırı mətbuatda çıxan yazıları şərh edərkən deyib.

“Mən istefa vermək fikrində deyiləm və orduda islahatlar prosesini başa çatdırmaq niyyətindəyəm. O, nə qədər uğur qazanacaq, bunu zaman göstərəcək" - deyən Papikyan bildirib ki, o və tabeliyində olan şəxslər gündəlik olaraq ordunu təchiz etməklə, silah və hərbi texnika almaqla məşğuldurlar.

Turan İSMAYIL