Rusiya FTX-nin Sərhəd İdarəsində baş verən partlayışın səbəbi AÇIQLANDI

 17:13 16.03.2023     363

Rusiya FTX-nin Rostov vilayəti üzrə Sərhəd İdarəsinin qarajında baş verən partlayışa səbəb yanacaq-sürtkü materiallarının alışması olub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (CSP) bildirilib.

“Saat 12:20-də Rusiya FTX-nin Rostov vilayəti üzrə Sərhəd İdarəsinin qarajının təmir sexində yanacaq-sürtkü materiallarında yanğın baş verib, nəticədə partlayış baş verib və binanın qismən dağılmasına səbəb olub. Hadisədə zərərçəkənlər olub”, - məlumatda deyilir.

Rusiya Fövqəladə Hallar Xidməti daha əvvəl yanğın nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər indiyədək bir nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Yanğının sahəsi 880 kvadratmetrə çatıb.

Səlahiyyətlilərin məlumatına görə, binanın iki divarı uçub.

Yanğın qonşu çoxmənzilli binaların sakinləri üçün təhlükə yaratmayıb.

Tunar Altunbay