"Rusiya ilə münaqişə axtarmırıq" - ABŞ rəsmisindən PUA qalmaqalına REAKSİYA
Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirmək və NATO-nun şərq cinahında çəkindirməni gücləndirmək niyyətindədir, lakin Rusiya ilə münaqişəyə can atmır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, biz Rusiya ilə münaqişə axtarmırıq. Biz Ukraynanı dəstəkləməyə davam etmək niyyətindəyik, NATO-nun şərq cinahında mövcudluğumuzu və çəkindirmə imkanlarımızı gücləndirmək niyyətindəyik", - o deyib. Kirbi Rusiya tərəfinin indi Qərblə Rusiya arasında qarşıdurma olduğuna dair daha əvvəl verdiyi bəyanatları da rədd edib.
Ağ Ev nümayəndəsi onu da vurğulayıb ki, ABŞ aviasiyası Qara dəniz üzərində Amerika pilotsuz təyyarəsi (PUA) ilə insident olmasına baxmayaraq, beynəlxalq məkanda uçuşlarını davam etdirəcək.
Kirbi Pentaqonun daha əvvəl yaydığı və Qara dəniz üzərində ABŞ pilotsuz təyyarəsi ilə insidenti əks etdirdiyi bildirilən videoya da münasibət bildirib. Onun sözlərinə görə, videoya əsasən, “pilotların PUA-nı vurmaq niyyətində olduqları aydın deyil”. “Bu, ən yaxşı halda ehtiyatsız uçuş, ən pis halda ehtiyatsız və bacarıqsız uçuş idi" - o, belə hesab edir.
Kirbi bildirib ki, ABŞ Qara dənizdəki pilotsuz təyyarə insidentindən sonra Rusiya ilə eskalasiyanı qaçılmaz görmür.
"Sualın cavabı xeyrdir. Suriyada və Avropada Rusiya ilə münaqişənin aradan qaldırılması üçün kanallarımız var və onların açıq qalmasını istərdik. Biz onlardan istifadə edirik. Bunun gərginləşməsi, münaqişə ilə nəticələnməsi üçün heç bir səbəb yoxdur. Bu gün artıq dediyim kimi, biz Rusiya ilə münaqişə axtarmırıq”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatı martın 14-də Qara dənizin beynəlxalq sularında qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi bildirib ki, pilotsuz təyyarə transponderləri söndürməklə Rusiya sərhədi istiqamətində uçub və Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən “hava məkanından istifadə üçün müvəqqəti rejim” ərazisinə daxil olub. Rusiya MN əlavə edib ki, qurğu "kəskin manevr nəticəsində" idarəetməni itirib və qəzaya uğrayıb və onu müşayiət edən rus qırıcıları hava-desant silahlarından istifadə etməyib və ümumiyyətlə pilotsuz təyyarə ilə təmasda olmayıblar.
Digər məlumatlara görə isə ABŞ PUA-sı Rusiya qırıcısı tərəfindən vurularaq dənizdə batırılıb.
Turan İSMAYIL