ABŞ-ın müdafiə naziri orduda intiharların sayının artdığını AÇIQLADI
ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı hərbçilər arasında intiharların sayından narahatlığını bildirib və hərbçilərə psixoloji dəstəyin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasını tələb edib.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanat bu gün Pentaqonun saytında yerləşdirilib.
"İnsanlar birliklərimizin ən dəyərli resursudur. Ona görə də biz səylərimizi əsirgəməməliyik, sıralarımızda intiharların sayının azaldılması üçün çalışmalıyıq. İntihar nəticəsində bir nəfərin belə itkisi onsuz da həddən artıq çoxdur", - deyə Pentaqonun rəhbərinin bəyanatında bildirilir.
Ostin xatırladıb ki, 2022-ci ildə o, intiharların qarşısını almaq və nəzarət etmək üçün Müdafiə Departamentinin hərəkətlərini öyrənməli və qiymətləndirməli olan müstəqil komitə yaradıb. Nazir bildirib ki, alınan məlumatlara əsasən, 2023-cü il iyunun 2-dək bu məsələ ilə bağlı Pentaqona fəaliyyət planı hazırlayıb təqdim edəcək xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Pentaqon 2011-ci ildən bəri həqiqi hərbi qulluqçular arasında intihar nisbətlərinin əhəmiyyətli dərəcədə artdığını bəyan edib. Belə ki, 2021-ci ildə 519 amerikalı hərbçi intihar edib.
Turan İSMAYIL