İsrailin bütün diplomatik nümayəndəlikləri tətil edə bilər

 18:34 27.03.2023     446

İsrailin dünya üzrə nümayəndəlikləri tətilin mümkün formatlarını və hazırkı şəraitdə iş perspektivlərini nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a İsrailin Moskvadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"İsrail Həmkarlar ittifaqı "Histadrut" bütün dövlət qulluqçularını, o cümlədən İsrail Xarici İşlər Nazirliyini ümumi tətilə qoşulmağa çağırıb. Hazırda İsrailin bütün dünya üzrə diplomatik nümayəndəlikləri mövcud şəraitdə mümkün tətil formatlarını və iş perspektivlərini nəzərdən keçirir", - diplomatik nümayəndəlik qeyd edib.

Qeyd edək ki, martın 27-si səhər saatlarında Reuters xəbər vermişdi ki, İsrailin dünya üzrə diplomatik nümayəndəliklərinə məhkəmə islahatlarına etiraz etmək üçün ölkədə ümummilli tətilə qoşulmaq göstərişi verilib. Agentliyin əldə etdiyi sənədlərə görə, İsrail səfirliklərinin yalnız fövqəladə xidmətlər göstərəcəyi gözlənilir. İşin dayandırılması artıq onların sosial şəbəkələrdəki səhifələrində İsrailin ABŞ və Fransadakı səfirlikləri tərəfindən təsdiqlənib.

İsrail həmkarlar ittifaqları məhkəmə islahatlarına qarşı ümummilli etiraz hərəkatına qoşulduqlarını və tətilə başladıqlarını açıqlayıblar. Etirazların genişlənməsinə səbəb martın 26-da axşam saatlarında baş nazir Benyamin Netanyahu tərəfindən elan edilən İsrailin müdafiə naziri Yoav Qalantın istefası olub. O, açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu deyib.

Turan İSMAYIL