Ərdoğanın prezidentliyə namizədliyi ləğv ediləcək? – Seçki Komissiyası qərar verəcək

 16:15 28.03.2023     440

Türkiyədə üç müxalifət partiyası Rəcəb Tayyib Ərdoğanın adının qarşıdan gələn prezident seçkilərində namizədlər siyahısından çıxarılması tələbi ilə Ali Seçki Komissiyasına ərizə təqdim ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Belə ki, "İyi", "DEVA" və "Memleket" partiyaları Ərdoğanın yenidən prezidentliyə namizədliyini irəli sürməyə haqqı olmadığını iddia edib.

Türkiyə müxalifətinin nümayəndələrinin fikrincə, Ərdoğanın növbəti prezidentliyə namizədliyi konstitusiyaya ziddir, çünki onun hazırkı preizdentlik müddəti ardıcıl olaraq ikincidir. Lakin Türkiyə hakimiyyəti bunu 2017-ci ildə keçirilən konstitusiya referendumundan sonra Ərdoğanın prezidentlik müddətinin sıfırlanması ilə izah edir.

Türkiyə prezidenti isə müxalifətin qarşıdan gələn seçkilərdə uduzmaqdan qorxduğu, ona görə də bu mövzunu yalnız indi gündəmə gətirməyə başladığı fikrini bildirib.