ABŞ Ukraynaya F-16 qırıcıları verəcəkmi? - Nazir AÇIQLADI

 19:54 28.03.2023     323

ABŞ hesab edir ki, Kiyev hakimiyyətinin hazırda dördüncü nəsil Amerika qırıcılarının tədarükünə ehtiyacı yoxdur, lakin gələcəkdə Ukraynanın bu avadanlıqlara ehtiyacı ola bilər.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqres Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.

"Bu, hazırkı mübarizədə onlara kömək etməyəcək", - o, yaxın vaxtlarda Ukraynaya dördüncü nəsil qırıcıların, xüsusən də F-16-ların verilməsinin zəruriliyi ilə bağlı suala cavabında deyib.

"Onların (Kiyev hakimiyyətinin) gələcəkdə belə bir fürsət əldə etmək şansı olacaqmı? Hamımız belə düşünürük”.

ABŞ müdafiə naziri onu da qeyd edib ki, Vaşinqton Ukraynaya F-16-ların tədarükünə qərar versə belə, bu, 18 aydan tez mümkün olmayacaq.

Ostin əlavə edib ki, hər şeydən çox hazırda Ukrayna qoşunlarının hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var. Bundan əlavə, Pentaqonun rəhbəri bildirib ki, Kiyev hakimiyyətinə uzaqmənzilli raketlər, eləcə də zirehli maşınlar lazımdır.

Xatırladaq ki, Ağ Ev martın 9-da bildirib ki, Vaşinqton hazırda F-16-nı idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək niyyətində deyil. ABŞ Prezidenti Co Bayden isə qeyd edib ki, amerikalı qırıcıların tədarükü "hazırda prioritet deyil". Eyni zamanda, martın 4-də NBC kanalı iki ukraynalı pilotun F-16 qırıcıları da daxil olmaqla, Qərbin zərbə təyyarələri ilə işləmək üçün mümkün təlim keçmək üçün ABŞ-a gəldiyini elan edib.

Turan İSMAYIL