İspaniya Ukraynaya 6 "Leopard" göndərir

 11:31 29.03.2023     348

İspaniya Pasxa bayramından sonra Ukraynaya ilk altı "Leopard" tankını göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “El Pais” qəzeti İspaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Pasxa bayramından dərhal sonra İspaniyanın Kiyev hökumətinə vəd etdiyi ilk altı "Leopard 2A4" döyüş tankını Rusiyaya qarşı çıxmaq üçün Ukraynaya göndərəcəyi bildirilir.

Qəzetin yazdığına görə, tanklar artıq Sevilyadakı zavodda təmir olunub və bu həftə onlar Kordovadakı Cerro Muriano manevr poliqonunda atıcılıq təlimində iştirak edirlər.

Xatırladaq ki, daha əvvəl İspaniyanın yaxın vaxtlarda Ukraynaya 6 "Leopard 2" tankı göndərəcəyi xəbəri yayılmışdı. Lakin daha sonra İspaniyanın müdafiə naziri Marqarita Robles onun dövlətinin Ukraynaya daha 4 tank verəcəyini açıqlamışdı.

Qeyd edilib ki, 55 Ukrayna tankçısı İspaniyada təlim kursu keçib. Onlar İspaniya tərəfinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəyi "Leopard 2A4" tanklarından ibarət 10 ekipaj təşkil edəcək.

Bu arada, mətbuatda yayılan məlumatlara görə, 18 Alman "Leopard 2" tankı Ukraynaya gəlib.

Analitiklərin fikrincə, Ukrayna artıq onlarla müxtəlif tank alıb və tədarüklər təkcə İspaniyadan deyil, İsveç, Kanada, Finlandiya və Portuqaliyadan da gözlənilir.

Turan İSMAYIL