Rusiya Ermənistanı hədələdi: "Son dərəcə mənfi nəticələri ola bilər"

 19:09 30.03.2023     426

Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna mümkün qoşulması ətrafında sujetin müttəfiq qaydada həll olunacağını gözləyir.

Redaktor.az xəbər verir ki, bunu martın 30-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Mən bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm. Təbii ki, biz güman edirik ki, bu məsələ müttəfiq və məqbul şəkildə həll olunacaq” - o, deyib.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi qərar dərc edib ki, respublikanın BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəlikləri ölkənin əsas qanunlarına uyğundur.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bu gün TASS-a bildirib ki, Rusiya tərəfi erməni həmkarlarına Roma Statutuna mümkün qoşulmanın Rusiya Federasiyası ilə münasibətlər üçün "son dərəcə mənfi" nəticələri barədə xəbərdarlıq edib.

XİN onu da əlavə edib ki, Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı “sifarişlər” fonunda BCM-nin Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. Rusiya lideri ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir. 

Rusiya prezidentinin həbsinə dair order 123 ölkədə qüvvədədir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan 123 dövlət Putin üçün verilən həbs orderini icra etməlidir.

Hətta Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Yəni Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.

Onu da əlavə edək ki, Azərbaycan BCM-nin Roma Statutunu imzalamayıb.

Turan İSMAYIL