Rusiyada məktəblərdə PUA dərsləri tədris ediləcək

 09:59 31.03.2023     282

Rusiya kommersiya pilotsuz təyyarələri bazarının iştirakçıları Rusiya Federasiyasında məktəblilərin tədris planına pilotsuz təyyarələr üzrə nəzəri fənlərin və praktiki təlimlərin əlavə edilməsini təklif ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Vedomosti” “Aeronext” profil assosiasiyasının Rusiya Nəqliyyat Nazirliyinə məktubuna istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə,məktubda qeyd olunur ki, pilotsuz təyyarələrıə bağlı dərslərin ümumitəhsil proqramına daxil edilməsi Rusiyanın aviasiya sektorunda kadr suverenliyinin təmin olunmasına kömək etməlidir.

Sənədin həqiqiliyini “Vedomosti”yə assosiasiyanın baş direktoru Qleb Babintsev təsdiqləyib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr “Texnologiya” fənninin bir hissəsi kimi məktəb kurrikulumuna daxil ola bilər.

Babintsev qeyd edib ki, fənn məktəblilərə aviasiya sahəsində ilkin biliklər əldə etməyə imkan verəcək modullarla tamamlanmalıdır.

"Məsələn, proqram çərçivəsində dronlardan məlumatların emalı üçün strukturların növlərini və proqram təminatının öyrənilməsi faydalı olardı",- "Aeronext"in baş direktoru nəşrə əlavə edib.

“Vedomosti” qeyd edir ki, universitetlər artıq aktiv şəkildə pilotsuz uçuş aparatları sahəsində mütəxəssislər hazırlayır.

Təhsil və Elm Nazirliyindən nəşrə bildiriblər ki, pilotsuz uçuş sistemlərinin istehsalı, texniki xidməti və istismarı ilə bağlı proqramlar üzrə tələbələrin ümumi sayı 30 min nəfərə yaxındır.

Tunar Altunbay