Trampın oğlu ABŞ-ı "banan respublikası" adlandırdı

 11:33 31.03.2023     331

ABŞ-ın keçmiş prezidenti Donald Trampın ittihamı ölkəni banan respublikasına çevirir.

Redaktor.az “İzvestiya”ya istinadla xəbər verir ki, bu barədə martın 30-da siyasətçinin oğlu kiçik Donald Tramp məlumat verib.

O qeyd edib ki, Amerikanın “korrupsioner elitaları” küçələrdə təhlükəli cinayətkarlardan qorxmur, çünki onların şəxsi müdafiəsi var, lakin Tramp onlara təhlükə yaradır:

“Bizim korrupsioner elitamızı küçələrdə təhlükəli cinayətkarlar təhdid etmir, çünki onların şəxsi müdafiəsi var. Adi insanların terrora məruz qalması onların vecinə deyil. Lakin Tramp onlar üçün təhdiddir, ona görə də onu dayandırmaq üçün bizi banan respublikasına çevirməyə hazırdırlar”, – o, tviter hesabında yazıb.

Qeyd edək ki, günün əvvəlində “The New York Times” siyasətçinin vəkilinə istinadən yazıb ki, Tramp aprelin 4-də könüllü olaraq məhkəməyə gələ bilər. O, 30-dan çox maddə üzrə maliyyə fırıldaqlarında ittiham olunur.

ABŞ-ın keçmiş rəhbəri Manhetten məhkəməsinin münsiflər heyətinin ona qarşı ittiham irəli sürmək qərarını tənqid edib. O, bu qərarı tarixdə seçkiyə müdaxilənin ən yüksək səviyyəsi adlandırıb. Tramp özünü günahkar hesab etmədiyini vurğulayıb.

Trampa qarşı ittihamlar yaxın günlərdə açıqlanacaq. Bunun üçün prokurorluq eks-prezidenti məhkəməyə çağıracaq. Bu baş verərsə, o, cinayət məsuliyyətinə cəlb edilən ilk ABŞ siyasi lideri olacaq.

Qeyd olunur ki, bu vəziyyət nəzəri cəhətdən Donald Trampın yenidən prezidentliyə namizədliyini irəli sürməsinə və 2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasını təmsil etməsinə mane olmur.

Arzu İSMAYIL