Baş katib Finlandiyanın tezliklə NATO-ya üzv olacağını AÇIQLADI

 13:40 31.03.2023     395

Finlandiya yaxın günlərdə NATO-nun tamhüquqlu üzvü olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə martın 31-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Yaxın günlərdə Finlandiya rəsmi olaraq alyansımıza qoşulacaq".

Onun sözlərinə görə, NATO-ya üzvlük Finlandiyanı və alyansı daha güclü edəcək. "Finlandiyanın silahlı qüvvələri, qabaqcıl imkanları və güclü demokratik təsisatları var. Ona görə də Finlandiya bizim ittifaqımıza böyük töhfə verəcək", - Stoltenberq əlavə edib.

Baş katib vurğulayıb ki, NATO müttəfiqləri “İsveç üçün ratifikasiya prosesinin tezliklə başa çatması hər bir ölkənin maraqlarına uyğun olacaq” mövzusunda həmfikirdirlər. “Mən İsveçin NATO ailəsinə ən qısa zamanda qoşulmasını səbirsizliklə gözləyirəm”, - o, yekunlaşdırıb.

Qeyd edək ki, Türkiyə indiyədək Helsinkinin alyansa qoşulmaq istəyini bəyənməyən sonuncu NATO üzvü olub. Macarıstan bu prosesi gecikdirdi, lakin martın 27-də müvafiq qanun layihəsini təsdiqlədi. İndi təşkilatın bütün üzvləri Finlandiyanın namizədliyini təsdiqləyiblər. Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdilər, lakin Ankara kürd təşkilatlarını terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə Türkiyədə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi. 2022-ci ildə NATO sammitinə qədər bu məsələləri həll etmək üçün Türkiyə, Finlandiya və İsveç arasında iki şimal ölkəsinin atmalı olduğu konkret addımların siyahısı ilə memorandum imzalanıb.

Turan İSMAYIL