Ermənistan parlamentində dava: Saakyan Vardanyana hücum etdi

 18:33 31.03.2023     356

Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan deputatı Mqer Saakyan parlament komissiyasında qapalı müzakirə zamanı hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.

“Parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasında qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasından olan deputat Mher Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edib, onu vurub, bədən xəsarəti yetirib və qaçıb”, - Konjoryan bildirib.

O vurğulayıb ki, hadisə cinayət-hüquqi nəticələrə səbəb olmalıdır.

"Yerkir.am" portalı isə xəbər verir ki, komissiyanın iclası zamanı komissiya sədri Vardanyan Saakyana səsini ucaldıb, daha sonra yerindən atılaraq ona irad bildirən deputata hücum çəkməyə cəhd edib.

“Artıq dava olub, hüquq-mühafizə orqanları müdaxilə edib və Saakyanı Milli Assambleyadan aparıblar”, – nəşr yazır.

KİV-in məlumatına görə,  Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib. Mətbuatda Saakyanın Arabkir polis şöbəsinə aparıldığı barədə məlumat yayılıb.

Turan İSMAYIL