Hər an fəlakət baş verə bilər - 25 min insan...

 01:37 03.04.2023     305

Mütəxəssislər Kolumbiyanın Nevado del Ruiz vulkanında yaşanan vulkanik aktivliyə görə xəbərdarlıq ediblər.

Redaktor.az musavat.com-a istinadən bildirir ki,sonuncu dəfə 1985-ci ildə püskürən və 25 min insanın ölümünə səbəb olan vulkanın yenidən aktivləşdiyi bildirilir. Səlahiyyətlilər partlayış riskinə qarşı narıncı həyəcan vəziyyətinə keçib.

Kolumbiya Geoloji Xidmətinin (SGC) açıqlamasında Kaldas inzibati bölgəsinə daxil olan Manizalesdəki vulkanda təkcə dünən 9600 təkan qeydə alındığı bildirilib.

SGC xəbərdarlıq edib ki, Nevado del Ruiz vulkanından tüstü və kül çıxır, əgər püskürərsə, vulkan çox şiddətli olacaq.

Sözügedən vulkanik aktivlik davam edərsə, ölkədə uçuş fəaliyyətlərinin kəsiləcəyini qeyd edən SGC paytaxt Boqota da daxil olmaqla bir çox bölgənin təsirlənəcəyini bildirib. Nevado del Ruiz vulkanı paytaxt Boqotadan 129 kilometr aralıda yerləşir.

Qeyd edək ki, Nevado del Ruiz vulkanında 13 noyabr 1985-ci ildə püskürmə nəticəsində meydana gələn seldə 25 min insan həyatını itirib.