Sankt-Peterburqdakı partlayışı törədən SAXLANILDI

 18:25 03.04.2023     535

Rusiya İstintaq Komitəsi (TFR) Sankt-Peterburqda müharibə müxbiri Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) öldüyü kafedə baş verən partlayışda şübhəli bilinən Darya Trepovanın həbs edildiyini açıqlayıb.

Redaktor.az lenta.ru-ya istinadla bildirir ki, qız kirayə tutduğu ikinci mənzildə aşkar edilib.

Kafedə baş verən partlayışdan sonra Trepova "Vasileostrovskaya" metrostansiyası yaxınlığındakı müəssisədən təxminən 800 metr aralıda yerləşən kirayə mənzilə gedib. Orada paltarını dəyişib və yeni imicdə ərazini tərk edib.

D.Trepova iStintiaq qrupunu çaşdırmaq üçün aprelin 2-də Pulkovo hava limanından aviabilet alıb.

Əməliyyatçılar onun şəklinin dəyişməsinə baxmayaraq, ikinci kirayə mənzilə gedən yolu tapıb və aprelin 3-də səhər saat 11 radələrində onu orada saxlayıblar.

Həmçinin, müstəntiqlər fövqəladə hadisə zamanı kafedə olan, lakin sonradan tapılmayan daha iki nəfəri axtarırlar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışda iştirak edən şəxslərin müəyyən edilməsi, habelə onların partlayıcı maddələri necə əldə etdiklərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyi Trepovanın etirafı ilə video yayımlayıb. O, kafeyə partlayan heykəlcik gətirdiyini bildirib. Onu kimdən aldığını soruşduqda, şübhəli şəxs daha sonra cavab verəcəyini vəd edib.

Tunar Altunbay