“Rusiya Avropa İttifaqını qeyri-dost hesab edir” - Lavrov

 12:52 04.04.2023     299

“Avropa Birliyi öz təqsiri üzündən Rusiyanı itirdi, indi Moskva onu qeyri-dost birlik hesab edir”

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya “Aif.ru”ya  müsahibəsində deyib.

“Avropa İttifaqı Rusiyanı “itirdi”. Amma bunun günahkarı özüdür. Axı, Rusiyaya, necə deyərlər, strateji məğlubiyyətin verilməsi zərurətini açıq şəkildə bəyan edən Aİ-yə üzv dövlətlər və birliyin rəhbərləridir. Onlar cinayətkar Kiyev rejimini silah və sursatla təmin edir, Ukraynaya təlimatçılar və muzdlular göndərirlər. Bu səbəblərə görə biz Aİ-ni dost olmayan bir birlik kimi qiymətləndiririk”,- deyə Lavrov qeyd edib.

O, Rusiya tərəfinin bu vəziyyətdən lazımi nəticə çıxardığını vurğulayıb. Lavrovun sözlərinə görə, Moskva düşmən addımlarına cavab olaraq “lazım gələrsə, Rusiyanın milli maraqlarını və diplomatik praktikada ümumi qəbul edilmiş qarşılıqlılıq prinsipini rəhbər tutaraq” sərt hərəkət edəcək.

Nazir izah edib ki, Rusiya Avropa İttifaqı ilə dialoqun gələcəyi ilə bağlı qərarları ölkənin xarici siyasətinin yeni konsepsiyasında əksini tapmış maraqlar əsasında qəbul edəcək.

"Əgər avropalılar nə vaxtsa anti-Rusiya kursundan əl çəksələr və qarşılıqlı hörmətli dialoqa üstünlük versələr, biz onların təkliflərini nəzərdən keçirəcək və Prezident Vladimir Putin tərəfindən yeni xarici siyasətdə təsdiqləndiyi kimi öz milli maraqlarımız əsasında qərarlar qəbul edəcəyik.”,– Rusiya diplomatiyasının rəhbəri bildirib.

Lavrov əlavə edib ki, xarici səfərlərinin coğrafiyası dəyişib və indi o, yeni xarici siyasət konsepsiyasında təsbit olunmuş “Beynəlxalq arenada Rusiyanın prioritetləri”ni əks etdirir.

Arzu İSMAYIL