İsveç NATO-ya üzv olmaq üçün Türkiyə və Macarıstanın razılığını gözləyir

 14:25 04.04.2023     314

İsveçin NATO-ya üzvlüyünün tezliklə Macarıstan və Türkiyə parlamentlərində ratifikasiya olunacağına ümid edirik.

Redaktor.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström "Corriere della Sera" qəzetində dərc olunan müsahibəsində bildirib.

"Biz Şimali Atlantika Alyansının şərq cinahını, xüsusən də Baltikyanı dövlətləri gücləndirmək üçün əsgərlərimizi göndərməyə hazırıq", - nazir deyib.

O qeyd edib ki, Finlandiya, Norveç və Danimarka ilə birgə hərbi layihələr NATO qarşısında öhdəliklərə təsir etməyəcək:

"Bizim üçün Finlandiya ilə birlikdə NATO-ya daxil olmaq vacib idi. Biz Türkiyə ilə imzalanmış memorandumda iyunun 1-dən qüvvəyə minən sonuncu hissə istisna olmaqla, bütün öhdəliklərə sadiq qaldıq. İndi Türkiyə və Macarıstan parlamentlərinin ratifikasiyasını gözləyirik". 

Xatırladaq ki, İsveç və Finlandiya hələ 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdilər, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etməyi və 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi. İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalandı. Ertəsi gün ölkələr alyansa rəsmi dəvət aldılar.

Qeyd edək ki, Finlandiya bu gün NATO-ya rəsmi qəbul ediləcək.

Turan İSMAYIL