Peskovdan Finlandiyanın NATO-ya üzvlüyünə REAKSİYA: "Əks tədbirlər görəcəyik”

 14:35 04.04.2023     346

Rusiya Finlandiyanın NATO-ya daxil olması üçün əks tədbirlər görməyə məcbur olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Kreml hesab edir ki, bu, vəziyyətin növbəti gərginləşməsidir, NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə, Rusiya Federasiyasının maraqlarına qəsddir. Biz bunu məhz belə qəbul edirik. Biz öz təhlükəsizliyimizi taktiki və hərbi cəhətdən təmin etmək üçün əks tədbirlər görəcəyik”, - Kreml sözçüsü bildirib.

Peskov aydınlaşdırıb ki, əks tədbirlər Rusiya Federasiyasının "zəruri hesab etdiyi" şəkildə olacaq.

Onun sözlərinə görə, Rusiya Federasiyasının hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə operativ məlumat verəcəklər. “İnanın mənə, hərbçilərimiz bizə hər şey barədə vaxtında məlumat verəcəklər”, - o, NATO infrastrukturunun Rusiya sərhədləri yaxınlığında mümkün yerləşdirilməsinə Rusiyanın reaksiyası ilə bağlı sualı cavablandırıb.

"Biz Finlandiyada nə baş verəcəyini, Şimali Atlantika blokunun Finlandiya ərazisində bizim sərhədlərimizə yaxın olan və potensial olaraq bizi təhdid edəcək silahları, sistemləri, infrastrukturu yerləşdirmək baxımından əraziləri necə istismar edəcəyini diqqətlə müşahidə edəcəyik. Bundan asılı olaraq, tədbirlər görüləcək”, - Peskov bildirib.

Kreml sözçüsü bildirib ki, Finlandiyanın NATO-ya daxil olması vəziyyətin növbəti gərginləşməsidir, bu, Rusiya Federasiyasının təhlükəsizliyinə qəsddir.

Onun sözlərinə görə, Rusiyaya düşmən mövqedə olan ölkələrin NATO-ya daxil olması ikitərəfli münasibətlərə təsir edəcək. "Əlbəttə, bu (NATO-nun genişlənməsi - red.) alyansın yeni üzvlərinə çevrilən dövlətlərlə ikitərəfli münasibətlərin xarakterinə təsir etməyə bilməz. Alyans hələ də qeyri-dost strukturdur və bir çox cəhətdən Rusiya Federasiyasına düşməndir" - o bildirib.

Eyni zamanda mətbuat katibi vurğulayıb ki, NATO-ya mümkün üzvlüyü Rusiya üçün qəbuledilməz olan Ukrayna ilə bağlı vəziyyət “indi alyansa üzv olmaq üzrə olan Finlandiyadan çox fərqlidir”. “Ona görə də burada müqayisə etmək çətindir”, – Peskov vurğulayıb.

Qeyd edək ki, bu gün - aprelin 4-də Finlandiya rəsmən NATO-ya üzv qəbul ediləcək.

Turan İSMAYIL