NATO Finlandiyanın tələbi olmadan bu ölkəyə qoşun yeritməyəcək - Stoltenberq

 14:56 04.04.2023     344

Şimali Atlantika Alyansı onun icazəsi olmadan Finlandiyaya heç bir qoşun yeritməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu aprelin 4-də NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Finlandiyanın ona rəsmi qəbul olunacağı gözlənilən iclasına gələrkən deyib.

"Bu, Finlandiyanın qərarı olacaq. Finlandiya tərəfinin razılığı olmadan Finlandiyada NATO qoşunları olmayacaq", - Stoltenberq bildirib. O vurğulayıb ki, Finlandiya NATO-ya "inkişaf etmiş hərbi sənaye və yüksək peşəkar ordu" gətirəcək.

Stoltenberq vurğulayıb ki, Finlandiya alyansa daxil olduqdan sonra Vaşinqton müqaviləsinin hərbi hücum qarşısında bütün NATO ölkələrinin kollektiv təhlükəsizliyindən bəhs edən 5-ci maddəsi bu ölkəyə şamil olunmağa başlayacaq. “Beləliklə, Finlandiya NATO-dan möhkəm təhlükəsizlik zəmanəti alacaq”, - baş katib bildirib.

O, həmçinin qeyd edib ki, İsveçin NATO-ya qəbulu Brüssel üçün mütləq prioritet olaraq qalır. Stoltenberq xatırladıb ki, NATO-nun bütün 30 ölkəsi artıq İsveçin alyansa qəbulu ilə bağlı protokol imzalayıb, indi onu Türkiyə və Macarıstanda ratifikasiya etmək qalır.

"Finlandiya alyansa qoşulduqdan sonra Helsinki də bu sənədi imzalamalı və ratifikasiya etməli olacaq, lakin NATO-da heç kimin bu prosesin mümkün qədər tez baş verəcəyinə şübhəsi yoxdur", - alyansın baş katibi bildirib.

Turan İSMAYIL