İsveçdə polisin Quranın yandırılmasını qadağan edən qərarı LƏĞV EDİLDİ

 15:25 04.04.2023     441

İsveç polisinin Quranın İsveçdə kütləvi şəkildə yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası yox idi.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, aprelin 4-də İnzibati Məhkəmə polisin bu cür aksiyaların təşkilatçılarının tələblərini təmin etməkdən imtina etdiyi iki qərarına baxdıqdan sonra belə qənaətə gəlib.

"İnzibati Məhkəmə hesab etmir ki, baxılan iki epizod üzrə polis idarəsinin qərarını şərtləndirən hallar icazənin verilməsindən imtina etmək üçün yetərli olub. Bununla əlaqədar olaraq, polis idarəsinin qərarı ləğv edilir", - İnzibati Məhkəmənin bu gün dərc olunan buraxılışında deyilir.

Xatırladaq ki, fevralın əvvəlində Stokholmda Türkiyə və İraq səfirlikləri qarşısında Quranın yandırılması ilə bağlı iki aksiyanın təşkilatçıları polisə müraciət ediblər. Lakin İsveç Təhlükəsizlik Polisinin tövsiyəsindən sonra polis idarəsi təşkilatçılara icazə verməkdən imtina edərək, əvvəllər bu cür hərəkətlərin ölkəyə qarşı təhdidlərə səbəb olduğunu və Quranın yeni yandırılmasının yeni terror aktları riskini ciddi şəkildə artıracağını əsas gətirdi. Bu qərar qanunun polisə buna hüquq vermədiyini düşünən bir sıra hüquqşünaslar tərəfindən tənqid edilib.

“İctimai asayiş haqqında” Qanuna əsasən, ictimai nümayişlərə icazə yalnız müəyyən nümayişlə bağlı təhlükəsizlik və asayiş məqsədləri üçün zəruri olduqda imtina edilə bilər.

Bu ilin əvvəlində Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı Türkiyə ilə İsveç arasında böyük qalmaqal yaranmışdı. Yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandırıb. O, çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

2022-ci ilin aprelində polis Paludanın Norrköpinqdə Quranı yandırmasının qarşısını aldı. İşə baxan Apellyasiya Məhkəməsi də polisin qərarını yanlış hesab edib, çünki ictimai asayiş haqqında qanun onlara sırf hər hansı iğtişaş baş verdiyinə və ya iğtişaşların baş vermə ehtimalına görə toplantıları ləğv etmək səlahiyyəti vermir.

Turan İSMAYIL