Türkiyə bu protokolu ABŞ-a təhvil verdi - Çavuşoğlu AÇIQLADI

 18:14 04.04.2023     348

Türkiyə Finlandiyanın NATO-ya daxil olması ilə bağlı parlament tərəfindən ratifikasiya olunmuş protokolu Şimali Atlantika Alyansının yaradılması haqqında müqavilənin himayədarı kimi ABŞ-a təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra bildirib.

"ABŞ dövlət katibi ilə ikitərəfli əlaqələri müzakirə etdik. Şimali Atlantika müqaviləsinə uyğun olaraq Finlandiyanın NATO-ya daxil olması ilə bağlı təsdiqlənmiş sənədi ABŞ-a təhvil verdik", - Çavuşoğlu tviter hesabında yazıb.

Qeyd edək ki, Finlandiyanın NATO-ya daxil olması Türkiyə parlamentinin martın 31-də müvafiq protokolu ratifikasiya etməsindən sonra mümkün olub. Bu qərar aprelin 1-də hökumət qəzeti “Resmi Gazeta”da dərc edildikdən sonra qüvvəyə minib. Martın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiyanın Şimali Atlantika Alyansına qəbulunu təsdiqləməyə hazır olduğunu açıqlayıb.

Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdilər, lakin Ankara kürd təşkilatlarını terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə Türkiyədə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi. 2022-ci ildə NATO sammitinə qədər bu məsələləri həll etmək üçün Türkiyə, Finlandiya və İsveç arasında Ankaranın fikrincə, iki şimal ölkəsinin atmalı olduğu konkret addımların siyahısı ilə memorandum imzalanıb.

Turan İSMAYIL