"Dünya nüvə müharibəsi astanasındadır" - Tramp

 12:52 05.04.2023     305

“Dünya Co Baydenin başçılıq etdiyi hazırkı ABŞ administrasiyasının günahı üzündən dünya nüvə müharibəsinə yaxınlaşıb”

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri onun sələfi respublikaçı Donald Tramp deyib.

"Bizim dövrümüzdə nüvə müharibəsi heç vaxt müzakirə edilmədi. Bu, Bayden administrasiyasının rəhbərliyi altında bütün güc və vasitələrin tətbiqi ilə üçüncü dünya nüvə müharibəsinə gətirib çıxara bilər" ,- deyə keçmiş Amerika lideri iddia edib.

“Bu baş verə bilər. Biz bundan çox da uzaq deyilik. İnanın, ya da inanmayın", - Tramp nüvə müharibəsi ehtimalına toxunaraq deyib.

Eks-prezidentin çıxışı Amerika əhalisi üçün canlı yayımlanıb.

Tramp ona qarşı irəli sürülən ittihamları da rədd edərək, onları ABŞ-ın hakim Demokrat Partiyasının qüvvələrinin siyasi rəqiblərinə ciddi zərbə vurmaq məqsədilə prezident seçkiləri kampaniyasının gedişatına görünməmiş müdaxiləsi kimi qiymətləndirib. Hazırda Tramp Respublikaçıların seçki yarışının partiyadaxili mərhələsinin favoritidir.

 ABŞ-da növbəti ümumi seçkilər 2024-cü ilin noyabrında keçiriləcək.

 "Bu, ölkəmizə qarşı təhqirdir. Dünya artıq bir çox başqa səbəblərə görə bizə gülür, məsələn, açıq sərhədlərimiz, Amerika vətəndaşlarını və dünyanın 85 milyard dollar dəyərində ən yaxşı hərbi texnikasını tərk etdiyimiz Əfqanıstandan bacarıqsız şəkildə geri çəkilməyimiz və sair”,- ABŞ-ın 45-ci prezidenti bildirib.

Bundan əlavə, Tramp Baydeni Birləşmiş Ştatların “enerji müstəqilliyindən və hətta enerji dominantlığından imtina etməkdə” günahlandırıb.

Qeyd edək ki, dünən Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı keçmiş pornoqrafik aktrisa Stormi Danielsə pul ödəməklə Trump Organization-un maliyyə hesabatlarını saxtalaşdırmaqda 34 maddə üzrə ittiham edilərək həbs edilib.

 Özlüyündə maliyyə hesabatlarının saxtalaşdırılması həbs cəzası nəzərdə tutmur, lakin saxtakarlıq başqa bir cinayəti ört-basdır etmək üçün edilirsə, cəza ağırlaşır.

Prokurorların fikrincə, Tramp 2016-cı il seçki kampaniyası zamanı bəzi qanunsuzluqları ört-basdır etməyə çalışırdı. Tarixdə ilk dəfədir ki, keçmiş ABŞ prezidentinə qarşı cinayət işi açılıb.

Arzu İSMAYIL