"NATO təhlükəsizliyimizlə bağlı narahatçılıq yaradır" - Kreml sözçüsü

 13:33 06.04.2023     333

NATO hər dəfə sərhədlərinə yaxınlaşanda Rusiya qitənin bütün təhlükəsizlik arxitekturasını tarazlaşdırmaq üçün addımlar atır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə bildirib.

“Axı NATO Rusiyanın sərhədlərinə doğru genişlənir, hərbi infrastrukturu ilə NATO sərhədlərinə yaxınlaşan Rusiya deyil”, - Kreml sözçüsü vurğulayıb.

"Əks istiqamətdə hərəkət var və bu hərəkət bizə problem və təhlükəsizliyimizlə bağlı narahatçılıq yaradır. Təhlükəsizliyimizdən narahat olaraq, təbii ki, biz bunu təmin etmək üçün tədbirlər görürük və NATO hər dəfə sərhədlərimizə nizamlı şəkildə yaxınlaşanda, qitədə bütün təhlükəsizlik arxitekturasını yenidən balanslaşdırmaq üçün bunu edirik”, - Peskov NATO-nun baş katibi Yens Stoltenberqin alyansın Rusiyanın hərəkətlərini yaxından izləməsinin zəruriliyi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Qeyd edək ki, aprelin 4-də Finlandiya rəsmən NATO-ya üzv qəbul edilib. Bununla da NATO üzvlərinin sayı 31-ə yüksəlib. Əgər Türkiyə və Macarıstan parlamentləri İsveçin də alyansa üzvlüyünə razılıq versə, o zaman NATO üzvlərinin sayı 32 olacaq.

Turan İSMAYIL