İsveç terrorçunu Türkiyəyə verməkdən imtina etdi

 17:44 06.04.2023     345

İsveç Ankaranın terrorda ittiham etdiyi şəxsi Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçin "TT" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 50 yaşlı şübhəli İsveç vətəndaşıdır və bu səbəbdən ekstradisiya edilə bilməz. Eyni zamanda Ankara Türkiyədə silahlı terror təşkilatının üzvü olduğunu iddia edir. Ekstradisiya tələbinin 2022-ci ilin noyabrında daxil olduğu bildirilir.

Bununla yanaşı, İsveç hökuməti dələduzluğa görə 13 ilə yaxın həbs cəzasına məhkum edilmiş şəxsin ekstradisiyasına icazə verib.

İsveçdə bir türk vətəndaşı saxlanılıb və Krallığın Ali Məhkəməsi ekstradisiya üçün heç bir maneə görmədiyini bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda İsveç PKK-lı terrorçuları Türkiyəyə təhvil verməkdən imtina edib.

Krallığın Xarici İşlər Nazirliyi izah edib ki, İsveçin NATO-ya daxil olması üçün iki dövlət arasında bağlanmış memorandum bunu nəzərdə tutmur.

Xatırladaq ki, Türkiyə hələ də İsveçin NATO-ya üzv olmaq təklifini təsdiq etməyib.

Buna baxmayaraq, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın Ankaranın Stokholm üçün Şimali Atlantika Alyansının qapısını bağlamadığını qeyd edib.

Tunar Altunbay