Reuters: Livanın İsraili atəşə tutmasının arxasında fələstinli qruplar dayanır

 18:20 06.04.2023     343

"Fələstin qrupları cümə axşamı Livan ərazisindən İsraili atəşə tutmağa cavabdehdir".

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, dəstələri,Livanın cənub bölgələrində yerləşdirilən Hizbullah hərəkatı hücumda iştirak etməyib.

Mənbələr İsrail ərazisinin atəşə tutulmasının arxasında hansı fələstinli qrupların ola biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Bundan əvvəl “Hizbullah” partiyasına yaxın mənbə “Al Arabiya”ya deyib ki, İsrailə atılan raketlərin bu təşkilata əlaqəsi yoxdur.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Livandan yəhudi dövlətinin şimal bölgələrinə atılan ən azı bir raketin tutulduğunu elan edib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərlərinin iştirakı ilə operativ iclas keçirib.

Qətərin “Əl-Cəzirə” telekanalındakı mənbənin məlumatına görə, Livanın cənubundakı ərazilərdən İsrailə 30-a yaxın raket atılıb.

"Al Mayadeen" telekanalının verdiyi məlumata görə, İsrail silahlı qüvvələri buna cavab olaraq Livanın cənub bölgələrini atəşə tutub.

Tire şəhəri yaxınlığında yerləşən El-Kleila kəndi vurulub. Telekanalın məlumatına görə, ümumilikdə Livan ərazisinə azı 15 raket atılıb. Atışmanın nəticələri barədə məlumatlar dəqiqləşdirilir.

Tunar Altunbay