ABŞ-ın sanksiyaları Gürcüstanı Aİ-dən uzaqlaşdıra bilər - Prezident

 20:37 07.04.2023     372

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın dörd gürcü hakimə qarşı sanksiyalarının ölkənin Avropa İttifaqına namizəd statusu almasına mane ola biləcəyindən narahatlığını ifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident ABŞ səfiri Kelli Deqnan ilə görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

"Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiya altında olan digər ölkələr siyahısına daxil edilib. Bu zaman Gürcüstan avropalı tərəfdaşlarından ən vacib qərarı - Aİ üzvlüyünə namizəd statusunun verilməsini gözləyir. Qorxuram ki, ABŞ-ın qərarı Avropada mənfi siqnal kimi qəbul edilməyəcək",-  Zurabişvili deyib.

Prezident vurğulayıb ki, məhkəmə sistemində mümkün korrupsiya faktlarının araşdırılması və ya Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması kimi təsirli addımların atılması lazımdır.

Onun sözlərinə görə, ABŞ-ın sanksiya qərarı cəmi 4 nəfərə təsir etsə də, ölkənin imicinə xələl gətirib.

Ölkəyə etimadı bərpa etmək üçün prezidentin qeyd etdiyi kimi, islahatlar yolu ilə məhkəmə sistemini təkmilləşdirmək lazımdır:

"Gürcüstan xalqı sanksiyaya məruz qalan şəxslərin ölkədə “məhkəmə sisteminin formalaşmasına” görə məsuliyyət daşıdığını yaxşı dərk edir".

Xatırladaq ki, ABŞ Dövlət Katibi Entoni Blinken bir neçə gün əvvəl bildirib ki, Vaşinqton Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə korrupsiyada iştirak etdikləri üçün viza məhdudiyyəti tətbiq edib. Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Çinçaladze Gürcüstanın Apellyasiya Məhkəməsinin hazırkı sədridir. Gürcüstan Xarici İşlər Nazirliyi bu qərara cavab olaraq bəyan edib ki, Amerika tərəfi korrupsiya ilə bağlı sübut təqdim etməsə, tətbiq edilən sanksiyalar iki ölkənin dostluq münasibətlərinə xələl gətirəcək.

Tunar Altunbay