Almaniya Türkiyə və Suriyadakı zəlzələdən minlərlə zərərçəkəni qəbul edib

 11:16 08.04.2023     357

 Almaniya fevralda Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minə yaxın insanı qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser şənbə günü Funke media qrupuna müsahibəsində bildirib.

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ qurbanlarının bir çoxunun Almaniyada qohumları var. Biz çox tez hərəkətə keçdik və humanitar yardım göstərdik",- deyən Feser əlavə edib ki, Almaniyada qohumları olanlara müvəqqəti olaraq 90 gün onların yanında qalma imkanı verilib. 

"Hazırda bu məqsədlə 7652 nəfərə müvəqqəti qalmaq üçün viza verilib. Onlardan 6500-dən çoxu əsasən Türkiyədə zəlzələ zonasından olanlar üçün nəzərdə tutulub", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, zəlzələdən zərər çəkmiş suriyalılara da 1000-dən çox viza verilib.

Həmidə İbrahimli