İnternetə sızan məxfi sənədlər Kiyevin planlarını dəyişdi

 11:55 10.04.2023     347

ABŞ ordusunun və kəşfiyyatının internetə sızdığı iddia edilən məxfi sənədlər Kiyevi hərbi planlarını dəyişməyə məcbur edib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN Ukrayna Prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Kiyev təhlükəsizlik qüvvələrinin döyüş potensialının səviyyəsinə dair məlumatların yer aldığı sənədlərə görə artıq bəzi hərbi planlarını dəyişib. Lakin telekanal bu dəyişikliklərin nədən ibarət olduğunu və onların miqyasını açıqlamır.

Kanal qeyd edib ki, bu sənədlər həm də ABŞ hakimiyyətinin öz müttəfiqləri və əleyhdarları üzərində necə casusluq etdiyi barədə də anlayış verir. Hətta bir sıra ABŞ rəsmiləri belə sənədlərin dərcinin bəzi ölkələrlə münasibətlərə xələl gətirə biləcəyindən ehtiyat edirlər.

Qeyd edək ki, daha əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyi internetə sızan gizli sənədlərin həqiqiliyini yoxlayır.

Reuters-in məlumatına görə, internetdə yayılan sənədlər saxta ola bilər. Sənədlər ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks hücuma hazırlamaq planlarına aiddir. Xüsusilə də Twitter və Telegram-da silahların tədarükü qrafikləri və qoşunların sayı barədə məlumatları açıqlayan çoxlu materiallar dərc edilib.

Agentlik vurğulayır ki, bu, 2013-cü ildə WikiLeaks saytında 700 mindən çox sənəd, video və diplomatik kabellərin görünməsindən sonra məlumat sızmasının ən mühüm hadisələrindən biri ola bilər.

Arzu İSMAYIL