Pxenyan stabilliyi pozan hərəkətləri dərhal dayandırmalıdır - ABŞ-dan ÇAĞIRIŞ

 12:03 13.04.2023     250

Vaşinqton administrasiyası hesab edir ki, Şimali Koreya tərəfindən həyata keçirilən raket buraxılışı regionda sabitliyin pozulması riskini artırır. ABŞ Pxenyanı dərhal bu cür sınaqları dayandırmağa və diplomatik əməkdaşlığa başlamağa çağırır.

Redaktor.az xəbər verir ki, bu mövqe Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrianne Vatson tərəfindən açıqlanan yazılı bəyanatda öz əksini tapıb.

"Birləşmiş Ştatlar Şimali Koreyanın uzunmənzilli ICBM sınağını qətiyyətlə pisləyir. ABŞ Prezidenti Co Bayden və onun bir qrup milli təhlükəsizlik müşaviri vəziyyəti müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx koordinasiyada qiymətləndirirlər" - deyən Vatsonun sözlərinə görə, bu buraxılış BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud şəkildə pozur və lazımsız yerə gərginliyi artırır, həmçinin regionda təhlükəsizlik vəziyyətinin sabitliyini pozmaq riskini artırır:

"Bu hərəkətlər yalnız onu göstərir ki, Şimali Koreya qeyri-qanuni kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını öz xalqının rifahından üstün tutmağa davam edir. Biz bütün ölkələri bu pozuntuları pisləməyə çağırırıq. Şimali Koreya sabitliyi pozan hərəkətlərini dayandırmalı və ciddi dialoqa başlamalıdır. Diplomatiya pəncərəsi bağlanmayıb, lakin Pxenyan stabilliyi pozan hərəkətləri dərhal dayandırmalı və bunun əvəzinə diplomatik əlaqəni seçməlidir”.

Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri əminliklə bildirib ki, Birləşmiş Ştatlar öz ölkəsinin, Koreya Respublikasının və Yaponiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.

Arzu İSMAYIL