Ukraynaya 115 milyard dollar veriləcək - Şmıqal

 16:55 13.04.2023     400

Beynəlxalq tərəfdaşlar bərpa üçün Ukraynaya 115 milyard dollar verəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

"Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollarlıq uzunmüddətli dəstək verəcəklər. Bu, təkcə bizim maliyyə sabitliyimizi təmin etməyəcək, həm də Ukraynanın müttəfiqlərinin bizə lazım olan müddətdə dəstək verəcəyinə dair aydın siqnal göndərəcək", - Şmıqal öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bu il sürətli bərpa layihələri üçün 14 milyard dollar tələb olunur:

"Biz bu yay bütün lazımi vəsaiti toplamaq üçün tərəfdaşlarla danışıqlar aparırıq", - baş nazir bildirib.

Şmıqal həmçinin ABŞ, Aİ, Dünya Bankı , BVF, G7 ölkələrinə və "bərpaya başlamağa kömək edən" bütün beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.

Qeyd edək ki, bir gün əvvəl Dünya Bankının prezidenti David Malpas bildirmişdi ki, Ukrayna bu il əsas iqtisadi xərclər üçün əlavə 11 milyard dollara ehtiyac duyacaq.

 Onun sözlərinə görə, Dünya Bankı fövqəladə maliyyələşdirmə çərçivəsində Ukrayna üçün 23 milyard dollardan çox vəsaiti səfərbər edə bilib və bu məbləğin 20 milyard dolları artıq bölüşdürülüb.

Həmçinin xatırladaq ki, dünən Dünya Bankı Ukraynanın enerji infrastrukturunun bərpası üçün 300 milyon dollara qədər əlavə maliyyə cəlb etmək imkanı ilə 200 milyon dollar qrant elan edib.

Arzu İSMAYIL