Braziliya prezidenti dollardan imtina etməyə çağırış etdi
Braziliya prezidenti Luiz İnasio Lula da Silva yenidən vəzifəyə gəldikdən sonra Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri beynəlxalq ticarətdə öz valyutalarının xeyrinə dollardan imtina etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" xəbər verir.
Lula da Silva Braziliya və Çindən başqa, Rusiya, Hindistan və Cənubi Afrikanı da əhatə edən BRİKS ölkələrini dolların hökmranlığına son qoymağa və ticarətdə istifadə üçün öz alternativ valyutalarını inkişaf etdirməyə çağırıb.
Braziliya prezidenti Şanxayda BRİKS ölkələri tərəfindən yaradılmış Yeni İnkişaf Bankında çıxış edərək auditoriyaya suallarla müraciət edib:
“Kim qərar verib ki, bizim valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? Qızıl standartı ləğv edildikdən sonra dolların əsas valyutaya çevrilməsinə kim qərar verib?
Lula da Silvanın dollar asılılığından qurtulmaq çağırışı Pekinin beynəlxalq əmtəə əməliyyatlarının tənzimlənməsi üçün yuandan istifadə etmək səylərini dəstəkləyir.
Nəşrin ekspertləri bildirirlər ki, Çin lideri Si Tsinpin aprelin 14-də keçiriləcək görüşdə Braziliya prezidentini Pekinin bir sıra xarici siyasət proqramlarını dəstəkləməyə razı salmağa çalışacaq.
Onların arasında 2013-cü ildə təqdim edilən və daha çox ölkənin iştirak etdiyi beynəlxalq ticarət və investisiya layihələrinin aktivləşdirilməsini və maraqlı dövlətlərin kapitalından istifadəni nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsü var.
Tunar Altunbay