Gürcüstanda yenə hökumət böhranı - Prezidentin Strasburqa səfəri təxirə salındı

 23:33 13.04.2023     354

Gürcüstanın hökumət administrasiyası Prezident Salome Zurabişvilinin Strasburqa səfərinin təxirə salınması ilə bağlı bəyanatını təkzib edib.

Redaktor.az xəbər verir ki, hökumət administrasiyası səfərə icazə verilməsinin süni şəkildə gecikdirilməsi məlumatının həqiqətə uyğun olmadığını bəyan edib:

“Səfərin təxirə salınmasının Gürcüstan hökumətinin təsdiq prosesini süni şəkildə gecikdirməsi səbəbilə olması yalandır və həqiqətə uyğun deyil”.

Hökumətin bəyanatında qeyd olunub ki, Prezident Salome Zurabişviliyə martın əvvəlində ABŞ-a səfəri zamanı Strasburqa da səfər etməsi üçün şifahi təsdiq verilib.

Əlavə edilib ki, səfərin texniki detalları ilə bağlı prezident administrasiyası ilə hökumət administrasiyası arasında iş prosesi davam edib və aprelin 12-də Prezident administrasiyasından sonuncu məktub qəbul edilib. Aprelin 13-də isə səfərə yazılı icazə göndərilib.

Qeyd edək ki, Salome Zurabişvili aprelin 18-də Strasburqa səfər edərək Avropa Parlamentində çıxış etməli idi (apa).