ABŞ Lavrovun Nyu-Yorka gəlməsinə icazə vermədi

 23:05 13.04.2023     406

ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin iclasında iştirak etmək üçün Nyu Yorka gəlməsini razılaşdırmayıb, həmçinin Rusiya səfirləri və jurnalistlərə diplomatik viza verməyib. 

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib:

"Nazirin (Lavrovun) xüsusi təyyarəsi ətrafında anlaşılmaz vəziyyət yaranır. ABŞ rəsmiləri təyyarənin gəlişi ilə bağlı hələlik razılığa gəlməyiblər. Biz gözləyirik ki, amerikalılar heç bir şərt və məhdudiyyət olmadan təyyarənin uçması üçün operativ şəkildə icazə verəcəklər”.

Diplomat bildirib ki, Rusiya hələ mart ayında ABŞ səfirliyinə viza sorğusu göndərib, lakin hələlik heç bir icazə verilməyib. Antonovun sözlərinə görə, tədbirə sayılı günlər qalsa da, hələ də dəqiqlik yoxdur. İclas aprelin 24-25-də baş tutacaq.

Antonov ABŞ-ı Rusiyadan gələn nümayəndə heyətinə və jurnalistlərə "dərhal viza verməyə” çağırıb. "Onların verilməməsi BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi Birləşmiş Ştatların öhdəliklərinin pozulması, Ümumdünya təşkilatının düzgün, tam hüquqlu fəaliyyətinə mane olmasıdır”, - deyə səfir bildirib.

Xatırladaq ki, aprelin 1-də Rusiya BMT Təhlükəsizlik şurasının sədri olub (sədr hər ay dəyişir). Lavrovun Vaşinqtona səfəri aprelin 24-nə planlaşdırılıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya xarici işlər naziri ABŞ Dövlət departamentinin rəhbəri Entoni Blinkenlə də orada görüşməyə ümid edir.