Fransanın həmkarlar ittifaqları Makronu HƏDƏLƏDİ

 22:28 14.04.2023     453

Fransa prezidenti Emmanuel Makron pensiya islahatını təsdiq edərsə, bu ölkənin həmkarlar ittifaqları onunla görüşməkdən imtina edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü ölkənin aparıcı həmkarlar ittifaqı mərkəzinin, Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binet "BFMTV" kanalının efirində bildirib.

“Bütün həmkarlar ittifaqı təşkilatları respublika prezidentini müdrik olmağa , ölkədə baş verənləri başa düşməyə və bu qanunu təsdiqləməməyə çağırır" deyən Bint əlavə edib ki, əks halda həmkarlar ittifaqları onun yanına getməyəcək.

“Əgər Makron qanununu geri qaytarsa, biz onunla böyük məmnuniyyətlə dialoqa girəcəyik”, - deyə Ümumi Əmək Konfederasiyasının rəhbəri bildirib.

O, həmçinin pensiya islahatları ilə razılaşmayanları mayın 1-də tətil və nümayiş keçirməyə çağırıb.

Bundan əvvəl həmkarlar ittifaqı komitəsi həmkarlar ittifaqı mərkəzlərinin nümayəndələrinin ən azı mayın 1-dək Makronla görüşməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Makron aprelin 17-də həmkarlar ittifaqı nümayəndələrini pensiya islahatlarını müzakirə etmək üçün Yelisey Sarayına dəvət edib.

Cümə günü Fransanın Konstitusiya Şurası qismən qanuni pensiya islahatına qərar verib və minimum pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün əsas maddəni təsdiqləyib. Makron yaxın iki gün ərzində pensiya islahatı qanununu imzalamalıdır.

Tunar Altunbay