Tatarıstan Respublikasının başçısı Moldovaya buraxılmadı

 16:35 17.04.2023     374

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Moldova hakimiyyətinin onu arzuolunmaz şəxs elan etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə onun bəyanatının videosu bazar ertəsi Moldovanın "Gagauznews" internet portalının Telegram kanalında yayımlanıb.

“Biz Kişinyovdayıq, bu yaxınlarda respublikamıza səfər etmiş Qaqauz Diyarının rəhbəri vəzifəsinə namizəd Viktor Petrov və Moldova parlamentinin deputatı Aleksandr Suxodolskinin dəvəti ilə yenicə gəlmişik. Təəssüflər olsun ki, Moldova hökuməti qərar qəbul edib ki, biz bu ölkəyə səfər edə bilməyən arzuolunmaz vətəndaşlarıq. Ona görə də təəssüf ki, xalqlar dostluğu qurultayında iştirak edə bilməyəcəyik”, - Minnixanov deyib.

Qurultayın təşkilatçılarından biri, Moldova parlamentinin deputatı Aleksandr Suxodolskinin TASS müxbirinə verdiyi məlumata görə, Minnixanov Moldova parlamentinin deputatlarının, eləcə də Qaqauz Diyarının parlamentarilərinin dəvəti ilə Kişinyova uçub.

"Mən Minnixanova konqresə rəsmi dəvət göndərdim. Minnixanovu bütün sənədlərlə hava limanında gözləyirdim. Hətta Kişinyov hava limanında təyyarədən enməsinə belə icazə vermədilər. Ona rədd cavabı verildiyi barədə sənəd verdilər”, – Suxodolski bildirib.

Onun sözlərinə görə, Minnixanov Komrat şəhərində keçiriləcək Xalqlar Dostluğu Qurultayında iştirak etməli idi.

Tunar Altunbay