ABŞ ordusu Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmir - Pentaqon

 19:03 17.04.2023     736

ABŞ hərbi qulluqçuları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmir.

Redaktor.az xəbər verir ki, bu barədə aprelin 17-də ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder "Washington Examiner" jurnalına müsahibəsində bildirib.

“Biz Rusiya qoşunlarına qarşı heç bir hərbi əməliyyat keçirmirik. Biz 100% diqqətimizi Ukraynanı dəstəkləməyə və ölkəni qorumaq üçün lazım olan təhlükəsizlik yardımı ilə təmin etməyə cəmləşmişik” - o, deyib.

Rayder bildirib ki, ABŞ hazırda Kiyevdəki ABŞ səfirliyində kiçik hərbi varlığını saxlayır. Lakin bu qüvvələr orada hərbi attaşenin ofisində yerləşir. Onların əsas vəzifəsi təhlükəsizlik yardım proqramlarının son istifadəsinə nəzarət etməkdir. Rayder əlavə edib ki, ABŞ Prezidenti Co Bayden lap əvvəldən Vaşinqtonun öz ordusunu Ukraynaya göndərməyəcəyini açıq şəkildə bəyan edib və bu prinsipə sadiq qalmağa davam edir.

"Bu, dünən doğru idi və bu gün də doğrudur" - sözçü bildirib.

Xatırladaq ki, bundan əvvəl, aprelin 14-də “Politico” nəşri Pentaqonun sızdırılmış məxfi sənədlərinə istinad edərək, Ukraynada NATO-nun xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyini bildirmişdi. 

Daha əvvəl aprelin 11-də Britaniyanın “The Guardian” qəzeti də NATO ölkələrinin xüsusi təyinatlılarının Ukraynadakı döyüşlərdə iştirakını təsdiqləyib.

Qeyd edək ki, aprelin 6-da Pentaqonun iki böyük məxfi sənədlərinin bir anda sızması məlum oldu. Söhbət Kiyevin döyüş qabiliyyəti, NATO-ya dəstək və Ukrayna ordusunun zəifliyinə aid olan 100-ə yaxın sənəddən gedir. Şəbəkəyə sızan sənədlərdən belə nəticə çıxır ki, ABŞ Cənubi Koreya, İsrail və Ukraynanı dinləyir. Bunun fonunda bir neçə ölkə ABŞ-dan izahat tələb edib. Aprelin 13-də FTB agentləri ABŞ sənədlərini sızdırmaqda şübhəli bilinən amerikalı hərbçi Cek Teyşeyranı həbs ediblər.

Turan İSMAYIL