ABŞ-dan İrana PUA istehsalında kömək edənlərə SANKSİYA

 19:26 19.04.2023     252

ABŞ pilotsuz uçuş aparatları (PUA) və silah istehsalı da daxil olmaqla, elektronikanın alınmasında İrana dəstək verən altı qurum və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi İrana sabitliyi pozan hərbi proqramlar üçün elektron komponentlər, o cümlədən PUA istehsalında istifadə olunanlar əldə etməkdə yardım edən şəbəkədə altı qurum və bir şəxsə məhdudiyyətlər qoyub”,- deyə sənəddə qeyd olunub.

Terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən ABŞ maliyyə nazirinin müavini Brayan Nelsonun sözlərinə görə, bu şirkətlər İranın hərbi-sənaye kompleksi və PUA istehsalı proqramları üçün mallar və texnologiyalar aldıqları şəbəkənin bir hissəsidir.

Nelson əmin edib ki, onun agentliyi İranın silah istehsalı üçün komponentlər almasına mane olmaq üçün nəzərdə tutulmuş sanksiyalara əməl olunmasına nəzarəti davam etdirəcək.

Xatırladaq ki, mart ayında da ABŞ  PUA istehsalı və satınalmasında İrana dəstəyi ilə əlaqəli bir sıra hüquqi şəxslərə və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Söhbət xüsusilə Çin və Türkiyədə yerləşən firmalardan gedir.

Tunar Altunbay