"Rusiya BRİKS-in vahid valyutasının yaradılmasında maraqla iştirak edəcək"

 21:55 20.04.2023     287

Rusiya BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) çərçivəsində kollektiv valyutanın təşviqi ilə bağlı müzakirələrdə maraqla iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"BRİCS ölkələri uzun müddətdir ki, qarşılıqlı hesablaşmalarda dolların rolunu azaltmaq və milli valyutalarda hesablaşmalara keçmək üçün tədbirlər görürlər. Bu yaxınlarda Braziliya prezidenti Luis İnasio Lula da Silva kollektiv valyutanın təşviqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. Biz bu müzakirələrə maraqla qatılacağıq”,- deyə o qeyd edib.

“Aydındır ki, bu proses onsuz da sürətli ola bilməz, lakin ölkələrin böyük əksəriyyətinin buna başlamaq və bunu tez və konkret şəkildə həyata keçirmək zərurətini başa düşməsi də faktdır”, - Rusiyanın baş diplomatı əlavə edib.

Xatırladaq ki, ötən ilin iyununda Rusiya prezidenti Vladimir Putin bildirib ki, BRİKS ölkələri milli valyutalar əsasında beynəlxalq ehtiyat valyutanın yaradılması məsələsi üzərində işləyirlər. Braziliya prezidenti Lula da Silva da bu ideyanı dəstəkləyib.

Tunar Altunbay