ABŞ Ukraynaya 43 "haker" yolladı

 11:31 25.04.2023     345

Pentaqon ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Kiber Milli Missiya Qüvvələrinin (CNMF) 43 üzvünü Kiyevin maraqları naminə kiber əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndərib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının bölmələrindən birinin rəhbəri general Uilyam Hartman bildirib:

"Biz ümumi düşmənləri ovlayan, alətlər və imkanlar tapan müdafiə əməliyyatları qrupları göndəririk" dedi Hartman. 

ABŞ 2018-ci ildən kibertəhlükələrlə mübarizə aparmaq üçün başqa ölkələrə kompüter alimləri göndərir və o vaxtdan Albaniya, Şimali Makedoniya, Ukrayna, Xorvatiya, Monteneqro və Estoniya da daxil olmaqla 20 ölkədə 47 belə əməliyyat keçirib. Məsələn, 2022-ci ildə üç aylıq işgüzar səfəri zamanı CNMF əməkdaşları Litvanın kompüter şəbəkələrini öyrənib və məlumatı ABŞ hökumətinə göndəriblər.

ABŞ Kiber Komandanlığının saytında 2022-ci ilin dekabrında dərc edilən məlumatlara görə, Pentaqonun cəmi 2000-dən çox şəxsi heyəti olan 39 CNMF qrupu var. Onların arasında silahlı qüvvələrin bütün qollarının üzvləri, həmçinin Milli Təhlükəsizlik Agentliyinin (MTA) və Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndələri var.