Ukrayna İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq edəcək
Ukrayna Nazirlər Kabineti İrana qarşı sektoral sanksiyaların tətbiqi ilə bağlı təklifi baxılması üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına (MTMŞ) təqdim edəcək.
Redaktor.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.
Təkliflər ilkin olaraq Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenkonun sədrliyi ilə Dövlət Sanksiya Siyasətinin həyata keçirilməsi üzrə Qurumlararası İşçi Qrupu tərəfindən nəzərdən keçirilib və tövsiyə edilib.
“İrana qarşı sektoral sanksiyalara start veririk. Ukrayna və tərəfdaşlarımız tərəfdən Rusiyaya silah tədarükü ilə birbaşa məşğul olan şəxslərə və şirkətlərə tətbiq edilən əvvəlki məhdudiyyətlər, təəssüf ki, ciddi xəbərdarlıq kimi qəbul edilmədi. Yaxşı, arqumentlərimizi gücləndirərik. Həmçinin belə sərt qərarlara mümkün qədər çox ölkənin qoşulmasına çalışacağıq. Ukraynaya qarşı təcavüz cəzasız qalmayacaq. Eyni şəkildə təcavüzkara yardım da cəzasız qalmayacaq”, - Y.Sviridenko deyib.
Ukrayna Nazirlər Kabinetinin təkliflərinə əsasən, sanksiyalar 50 il müddətinə tətbiq edilir və bunlara daxildir: İran rezidentlərinin kapitalını Ukraynadan kənara çıxarmasının qarşısını almaq; İran rezidentlərinə texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların verilməsinə qadağa; İrana və ölkə sakinlərinin xeyrinə investisiyaların qadağan edilməsi; İran rezidentləri tərəfindən verilmiş elektron ödəniş vasitələrinin (o cümlədən, köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) xidmətinin dayandırılması; operatorları İranın rezidentləri olan beynəlxalq ödəniş sisteminin iştirakçısının, beynəlxalq ödəniş sisteminin Ukrayna Milli Bankı tərəfindən qeydiyyata alınmasının qadağan edilməsi; İranın rezidentləri ilə beynəlxalq ötürülmələri Ukraynanın “Hərbi təyinatlı və ikili təyinatlı malların beynəlxalq daşınmasına dövlət nəzarəti haqqında” qanununun tətbiq olunduğu mallarla ticarət əməliyyatlarının məhdudlaşdırılması (tam qadağa), belə malların tədarükü, satışı, ötürülməsi, istehsalı və ya istifadəsi ilə bağlı xidmətlərlə ticarət əməliyyatlarının məhdudlaşdırılması, yuxarıda göstərilən mallarla əlaqəli Ukrayna ərazisindən İran rezidentləri tərəfindən resursların tranzitinin, uçuşların və daşınmanın tamamilə dayandırılması.