ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının məxfi qrifi qaldırılmadı

 23:19 25.04.2023     297

Dövlət Departamenti qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı Ağ Evin hesabatını məxfilikdən çıxarmaq və dərc etməyi planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

Patel jurnalistin sualını cavablandırarkən “Hazırda belə planlar yoxdur” deyib.

Onun sözlərinə görə, hesabat müvafiq kanallar vasitəsilə Konqresə göndərilib və Ağ Evin əvvəllər ictimaiyyətə təqdim etdiyi 12 səhifəlik versiyasını xatırladıb.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol dövlət katibi Entoni Blinkendən qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı Ağ Evin hesabatını ictimaiyyətə açıqlamasını tələb edib. Bu, aprelin 6-da komitəyə daxil olan 22 mart tarixli 87 səhifəlik sənəd olan "Əfqanıstandan Çıxarılma Nəticələrinin İcmalı"dır.

Amerika xalqı sənədin bu variantı ilə tanış deyildi. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı yol verilən səhvlərə görə günahın ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının üzərinə qoyulduğu hesabatın yalnız 12 səhifəlik versiyası ictimaiyyət üçün açıqdır.

Əvvəlki Vaşinqton administrasiyası və radikal Taliban hərəkatı 29 fevral 2020-ci ildə Dohada sülh sazişi imzalayıb. Razılaşmalara əsasən, ABŞ və onun koalisiya müttəfiqləri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmağa söz veriblər. Taliban isə öz növbəsində amerikalıların və onların müttəfiqlərinin təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər üçün Əfqanıstan ərazisindən istifadə etməyəcəklərinə zəmanət verib.

Bayden 14 aprel 2021-ci ildə Əfqanıstanda Amerika tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarını verdiyini açıqlayıb.

ABŞ qüvvələrini geri çəkmək niyyətini bəyan etdikdən sonra Taliban Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə Əfqanıstan prezidenti Əşrəf Qani xaricə qaçdı və Taliban döyüşsüz Kabilə girdi.

2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək, bu ölkədəki 20 illik mövcudluğuna son qoydu.

Tunar Altunbay