Rusiyada təxribat və terror aktları riski xeyli artıb - Baş prokuror

 16:54 26.04.2023     350

Rusiyada təxribat və terror aktları riski xeyli artıb.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiyanın baş prokuroru İqor Krasnov bildirib.

Onun sözlərinə görə, regional dövlət qurumları və yerli hakimiyyət orqanları terrorizmlə mübarizə və mülki müdafiə ilə bağlı mövcud qanunların hərtərəfli nəzərdən keçirilməsini başa çatdırmaq üzrədir.

“Hüquq-mühafizə və tənzimləyici orqanların da iştirak etdiyi bu iş, ilk növbədə, əhalinin kütləvi toplaşdığı yerlərin, nəqliyyat vasitələrinin və digər mühüm infrastruktur obyektlərinin, habelə məcburi köçkünlərin yerləşdirilməsi mərkəzlərinin və digər sosial obyektlərin yoxlanılmasına yönəlib”, - deyə baş prokuror bildirib.

O qeyd edib ki, baxışın nəticələri hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxslərinin koordinasiya iclasında qiymətləndiriləcək və iclasdan sonra antiterror mühafizəsi səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlər görüləcək.

Həmidə İbrahimli