Fransa İtaliya ilə sərhədə jandarma yığır

 18:03 26.04.2023     411

Fransa miqrasiya axınının artması ilə əlaqədar İtaliya ilə sərhəddə polis və jandarmların sayını artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Fransa hökumətinin başçısı Elizabet Born Yelisey sarayında Nazirlər Şurasının iclasında deyib.

"Biz qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində fəaliyyətimizi gücləndirəcəyik, çünki bu, hökumətin prioritetidir",- baş nazir brifinqdə Fransa prezidenti Emmanuel Makronun adından hazırlanmış "100 gün" adlı ölkənin inkişaf proqramını təqdim edərkən qeyd edib.

"Gələn həftədən etibarən biz Alp-Dəniz Departamentinə əlavə 150 ​​polis və jandarm göndərəcəyik. Yaya qədər daxili təhlükəsizlik qüvvələri, gömrük işçiləri və hərbçiləri birləşdirəcək xüsusi sərhəd dəstəsi işə başlayacaq", - Born deyib.

Onun sözlərinə görə, bu tədbirlər İtaliyadan miqrasiya axınının artması ilə bağlıdır.

Proqramın digər bəndlərini şərh edən Fransa Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, hökumət ədalətli əmək haqqının müəyyən edilməsi, əhalinin tam məşğulluğuna nail olunması məsələləri üzərində də fəal işləmək, həmçinin genişmiqyaslı ekoloji planı həyata keçirmək niyyətindədir.  

Born onu da bildirib ki, iyun ayında Fransa parlamenti səhiyyənin inkişafı ilə bağlı qanun layihəsinə baxacaq, o, xüsusilə xəstəxanalarda əlavə 6 min feldşerin işə götürülməsini nəzərdə tutur: 

"Bu, həkimlərin artan yükünü yüngülləşdirməyə kömək edəcək".

Bundan əlavə, Bornun qeyd etdiyi kimi, hökumət məktəblərin inkişafına xüsusi diqqət yetirmək niyyətindədir.

"Növbəti tədris ilinin başlanğıcı məktəb sistemində real transformasiya üçün fürsət olacaq, xüsusən də ibtidai siniflərdə fransız dili və riyaziyyatın öyrənilməsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi planlaşdırılır", - baş nazir vurğulayıb.

Tunar Altunbay