"Ukraynanın NATO-ya qəbulu III Dünya müharibəsinin başlanması deməkdir" - Robert Fiko

 14:13 27.04.2023     303

Slovakiyanın keçmiş baş naziri və parlament müxalifətinin hazırkı lideri Robert Fiko 2023-cü ilin sentyabrında keçiriləcək parlament seçkilərində partiyasının qalib gələcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağını və anti-Rusiya sanksiyalarına qarşı çıxacağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"Mən sırf Qərb ölkələri arasında yaxşı imic naminə Ukraynanı öldürücü silahlarla təmin etmək istəmirəm. Bizim öz fikrimizə sahib olmaq hüququmuz var",- o deyib.

Siyasətçi onu da qeyd edib ki, Slovakiyada onun partiyası hakimiyyətə qayıdarsa, Ukraynanın NATO-ya üzvlük müraciətini dəstəkləməyəcək:

“Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlanması demək olacaq".

Agentliyin məlumatına görə, Fikonun rəhbərlik etdiyi Slovakiyanın ən böyük parlament müxalifət partiyası olan İstiqamət - Sosial Demokratiya hazırda bütün sorğularda liderdir.

Martın 22-də Slovakiya Müdafiə Nazirliyi bəyan edib ki, ukraynalı mütəxəssislər Kiyevə pulsuz tədarük edilən MiQ-29 qırıcılarının qəbulu üzərində işləyirlər. Martın 23-də ChTK xəbər agentliyi ötən il ölkənin Hərbi Hava Qüvvələrindən çıxarılan 13 təyyarədən ilk 4-nün təhvil verildiyini açıqlayıb. Öz növbəsində, Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən TASS-a bildirilib ki, agentlik bunu Slovakiyanın Rusiya istehsalı olan silahların reeksportu üzrə beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması hesab edir.

Tunar Altunbay