Rusiya nefti Avropaya Hindistandan dizel kimi daxil olur

 20:07 28.04.2023     366

Rusiya nefti Hindistan neft emalı zavodlarında istehsal olunan hazır neft məhsulları şəklində Avropa bazarına daxil olmaqda davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Rusiya neftinin Avropaya birbaşa tədarükünə qadağa dekabr ayından, Rusiyada istehsal olunan neft məhsullarına isə fevral ayından etibarən qüvvədədir.

Bununla belə, Avropa sanksiyaları Rusiya neftindən əldə edilən neft məhsullarının Hindistan kimi üçüncü ölkələrin neft emalı zavodlarında Avropa bazarına tədarükünü heç bir şəkildə qadağan etmir.

"Bloomberg" yazır ki, aprel ayında Hindistan Rusiya neftinin əsas alıcısı olmaqla yanaşı, Avropaya ən böyük hazır neft məhsulları tədarükçüsü olacaq. Avropa İttifaqına dizel tədarükü baxımından o, hətta Səudiyyə Ərəbistanını da keçəcək.

Nəşr qeyd edir ki, bu vəziyyət Avropaya ikiqat zərbədir. 

Bir tərəfdən, Avropaya qadağan olunmuş Rusiya yanacağını əvəz etmək üçün üçüncü ölkələrdən dizel yanacağı tədarükü lazımdır. Amma digər tərəfdən, bu cür dolayı tədarüklər dünyada Rusiya neftinə tələbatı artırır və nəqliyyat xərcləri hesabına yanacağın Avropa bazarında bahalaşmasına səbəb olur.

Tunar Altunbay