“Rusiyanı səmadan yerə atmalıyıq” - Kuleba

 22:24 28.04.2023     414

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səkkiz ölkənin xarici işlər nazirlərinə ukraynalı pilotların hazırlanmasını sürətləndirmək xahişi ilə müraciət edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Odessada Latviya, Danimarka, Estoniya, İslandiya, Litva, Norveç, İsveç və Finlandiyadan olan həmkarları ilə birgə brifinq zamanı bildirib.

Nazirin sözlərinə görə, o, bu xahişlə həmkarlarına Ukraynanın dostları kimi, müasir Qərb döyüş təyyarələrini, xüsusən də F-16-ları idarə edən ölkələrin nümayəndələri kim müraciət edib.

"Mən onlara ukraynalı pilotların təyyarələrdə, ilk növbədə F-16-larda təlimə başlaması qərarını sürətləndirmək üçün bütün səyləri göstərmək xahişi ilə müraciət etdim. Bu da öz növbəsində, sonda Ukraynaya belə təyyarələrin verilməsi barədə qərarın qəbul edilməsinə səbəb olacaq. Biz bu cür təyyarələrlə Rusiyanı səmadan yerə atmalıyıq",-  Kuleba müraciətində qeyd edib.

Nazir bildirib ki, bu ölkələrin xarici işlər nazirliklərinin nümayəndələri ilə, xüsusilə, Vilnüsdə keçiriləcək sammitə hazırlıq, Ukraynanın Aİ-yə daxil olması, Rusiyanın hərbi təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması məsələsi və sair məsələləri müzakirə ediblər.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynanın daha çox lazımi silahla, xüsusilə F-16 döyüş təyyarələri ilə təmin olunmasına töhfə verəcəyini bildirib.

Bütün səkkiz ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də Ukraynanı dəstəklədiklərini bəyan ediblər.

Tunar Altunbay