Ukrayna taxılının Avropaya ixracına məhdudiyyət QOYULDU

 22:51 28.04.2023     418

Avropa Komissiyası Şərqi Avropanın beş ölkəsi ilə Ukraynadan Avropa İttifaqına buğda, qarğıdalı, kolza və günəbaxan ixracını məhdudlaşdırmaq və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı səbəbindən taxıl ehtiyatlarının çoxluğundan zərər çəkmiş ölkələrin fermerlərinə birtərəfli qaydada 100 milyon avro yardım göstərilməsi barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis Tvitter hesabında yazıb.

Rumıniya Ukrayna taxılının idxalına qadağa qoymadığı üçün AK-dən yardım alacağını bəyan edib.

"Avropa Komissiyası Ukraynadan gətirilən ərzaq məhsulları ilə bağlı Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanla razılığa gəlib. Müqavilənin əsas elementləri: idxala milli məhdudiyyətlərin ləğvi, dörd növ məhsul üçün müstəsna ehtiyat tədbirlərinin tətbiqi - buğda, qarğıdalı, kolza və günəbaxan, təsirə məruz qalan 5 ölkədə fermerlərə 100 milyon avro yardım göstəriləcək",- deyə paylaşımda qeyd edilib.

Bundan əvvəl Avropa Komissiyasındakı mənbə izah edib ki, “müstəsna ehtiyat tədbirləri” Ukrayna taxılının idxalına kvotaların tətbiqi deməkdir.

Dombrovskis həmçinin vurğulayıb ki,  Aİ gələcəkdə Ukraynadan ixraca - günəbaxan yağı və bir sıra digər məhsullara əlavə məhdudiyyətlər tətbiq edə bilər. Avropa Komissiyası bu məhsulların məhdudiyyətsiz idxalının avropalı istehsalçılara vurduğu zərərin həcmini müəyyən etmək üçün araşdırmalara başlamağa söz verib.

"Avropa Komissiyası həmrəylik olaraq quru və çay marşrutları ilə digər ölkələrə Ukraynadan ərzaq ixracını təmin etməyə çalışacaq", - Dombrovskis yazıb. Digər təfərrüatlar hələlik verilməyib.

Tunar Altunbay