Cənubi Afrika Putindən bu ölkəyə gəlməməyi xahiş etdi

 13:01 01.05.2023     383

Cənubi Afrika hakimiyyəti Rusiya Prezidenti Vladimir Putindən avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə gəlməməyi, videobağlantı vasitəsilə iştirak etməyi xahiş edib.

Redaktor.az bildirir ki, "Sunday Times"ın Cənubi Afrika rəsmilərinə istinadən verdiyi məlumata görə, əgər o ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməli və Putini həbs etməli olacaq.

"Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, onu həbs etməli olacağıq", - deyə rəsmi bildirib.

Nəşr qeyd edir ki, ötən həftə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa ölkənin vitse-prezidentinin rəhbərlik etdiyi xüsusi hökumət komitəsi yaradıb və bu komitə Putinin həbsi üçün orderin verilməsi ilə bağlı mümkün variantları öyrənməlidir.

“Sunday Times” mənbəsinin sözlərinə görə, komitə videobağlantı vasitəsilə Putinin BRİKS sammitində iştirakından başqa variant tapa bilməyəcək.

"Bizim yeganə seçimimiz Moskvadan Teams və ya Zoom vasitəsilə əlaqə yaratmaqdır" dedi hökumət rəsmisi.

İndi Cənubi Afrika Rusiya rəhbərliyi ilə bu barədə danışıqlar aparır.

The Sunday Times yazır ki, Cənubi Afrika Respublikası Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və ya onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edib. Bununla belə, Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla deportasiyası ittihamı ilə Putin haqqında həbs qərarı çıxarması Cənubi Afrikanın hakimiyyətini çətin vəziyyətə salıb.

Cənubi Afrika Respublikası Roma Statutunu imzalayan ölkələr sırasındadır ki, bu da onu BCC-nin qərarlarına əməl etməyə borcludur. 

Tunar Altunbay