Rusiya ilə Polşa arasında məktəb qalmaqalı böyüyür

 13:54 02.05.2023     432

Rusiya Federasiyasının Polşadakı səfirliyi Varşavada rus məktəbinin binasının ələ keçirilməsi ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.

“Səfirlik Polşa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd olunub ki, şənbə günü səhər Polşa hakimiyyəti Rusiyanın Varşavadakı səfirliyindəki məktəb binasını zorla ələ keçirmək prosesinə başlayıb. Onlar işçilərə şənbə günü Moskva vaxtı ilə saat 19:00-a qədər binanı tərk etmələri, avadanlığın çıxarılması üçün isə bir həftə vaxt veriblər. Məktəb mayın 10-da yeni binada açılmağı planlaşdırır. Rusiyanın Polşadakı səfirliyi Polşa hakimiyyətinin hərəkətlərini qanunsuz hesab edir.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Polşanın hərəkətlərini 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması və Rusiyanın Polşadakı diplomatik mülkiyyətinə növbəti təcavüz kimi qiymətləndirir. Onlar Smolenskaya meydanında söz veriblər ki, Varşavanın bu hərəkətləri Moskvanın sərt reaksiyası və Polşa üçün nəticələri olmadan qalmayacaq.

Turan İSMAYIL